Xəzər Xəbər

Televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulur

Cəmiyyət | 14:21 • 5 Fevral 2025
Televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulur

"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna Azərbaycan işarət dili anlayışı əlavə edilir.

Xezerxeber.az xəbər verir ki, bununla əlaqədar təklif olunan dəyişiklik Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, Azərbaycan işarət dili – eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsidir.

Layihəyə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır. Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər. Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir.

Dəyişiklik barədə danışan komitə üzvü, deputat Vüqar Bayramov bildirib ki, bu, tamamilə yeni mexanizmdir: "Azərbaycan işarət dilinin tətbiqi beynəlxalq konvensiyalara uyğundur. İnkişaf etmiş ölkələrdə olduğu kimi, televiziya verilişlərində də işarət dilinin istifadəsi nəzərdə tutulur. Bu, əlilliyi olan şəxslərin məlumat əldə etməsinin asanlaşması, onların hüquqlarının təmin edilməsi baxımından vacib addımdır".

Xəbər lenti