2024-cü ildə taksi daşımalarında 13 513 sahibkara buraxılış vəsiqəsi verilib. Taksi minik avtomobillərinə verilən buraxılış kartlarının sayı 21 620 ədəd olub.
Xezerxeber.az xəbər verir ki, bu sözləri bu gün nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayev deyib.
O qeyd edib ki, tələblərə uyğun olan taksi minik avtomobillərinin buraxılış kartının alınmasına cəlb edilməsi, uyğun olmayan nəqliyyat vasitələrinin taksi fəaliyyətindən kənarlaşdırılması davam etdirilir.
"Buraxılış kartı alan taksilərin 35%-i 2020-2024-cü illər arasında istehsal olunan nəqliyyat vasitələridir. 13 taksi sifarişi operatoruna icazə verilib. Təxminən 34198 taksi sürücüsü təlim keçib. 135 yerdə taksi duracağı mövcuddur və bu şəbəkənin genişləndirilməsi davam etdirilir. 2024-cü ilin dekabr ayını keçən ilin müvafiq dövrü ilə müqayisə etdikdə, taksi sifarişlərinin sayında -31- 32% azalma müşahidə edilib”, - deyə sədr qeyd edib.