Xəzər Xəbər

Azərbaycandan humanitar yardım aparan avtomobillər Türkiyə-Suriya sərhədinə çatıb

Cəmiyyət | 14:18 • 5 Yanvar 2025
Azərbaycandan humanitar yardım aparan avtomobillər Türkiyə-Suriya sərhədinə çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Suriyaya göndərilmiş 200 ton humanitar yardımla dolu 10 yük avtomobili Türkiyə-Suriya sərhədinə çatıb.

Xezerxeber.az xəbər verir ki, Artvin vilayətinin Sarp nəzarət-keçid məntəqəsindən Türkiyəyə gələn avtomobil karvanı daha sonra cənuba - Suriya ilə həmsərhəd Kilis vilayətinə yollanıb. “Çobanbəy” nəzarət-keçid məntəqəsində gömrük prosedurlarından sonra karvan Suriyaya yollanacaq.

Azərbaycandan gələn humanitar yük Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Suriya ərazisindəki anbarlarına boşaldılacaq və AFAD vasitəsilə imkansız ailələrə paylanacaq. Yardımı, ilk növbədə, İdlib vilayətinin sakinləri, eləcə də Türkiyə Silahlı Qüvvələrinin “Fərat Qalxanı”, “Sülh bulağı” və “Zeytun budağı” əməliyyatları çərçivəsində terrorçulardan təmizlənmiş Suriya ərazilərinin əhalisi alacaq.

Azərbaycandan Suriyaya ərzaq məhsulları ilə yanaşı, uşaq geyimləri və digər zəruri ləvazimatlar da göndərilib.

Türkiyənin Suriya ərazisində yerləşən “Haber Global” telekanalının çəkiliş qrupu Türkiyə ilə sərhədin təxminən bir kilometrliyində yerləşən AFAD anbarı yaxınlığında Azərbaycandan Suriyaya yük maşınlarının gəlməsini gözləyir.

Xəbər lenti