Xəzər Xəbər

Təyyarə qəzasında yaralananlardan biri əməliyyat olunub, vəziyyəti stabildir

Cəmiyyət | 18:25 • 28 Dekabr 2024
Təyyarə qəzasında yaralananlardan biri əməliyyat olunub, vəziyyəti stabildir

Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanaraq üst damaq, baldır və çanaq nahiyəsində sınıq qeydə alınan şəxs (qadın cinsli) üzərində cərrahi əməliyyat uğurla icra olunub.

TƏBİB-dən Xezerxeber.az-a verilən məlumata görə, Yeni Klinikada xarici fiksator cihazı ilə osteosintez əməliyyatı olunan xəstənin vəziyyəti stabildir.

Bildirilib ki, Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan şəxslər TƏBİB-in tabeliyindəki Yeni Klinikaya hospitalizasiya olunublar.

Tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müayinə olunan xəstələrdən bir nəfər reanimasiya, digərləri isə müvafiq şöbələrə yerləşdiriliblər. Hazırda 14 nəfərin müayinə və müalicələri davam etdirilir, onlardan 12 nəfərin vəziyyəti stabildir.

Müalicə alanlardan 1 nəfərin vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir.

Qeyd olunub ki, pasiyentlərə əsasən müxtəlif bədən nahiyələrinin sınığı, əzilməsi, travması, eləcə də tənəffüs çatışmazlığı, pnevmotoraks diaqnozları təyin edilib.

Xəbər lenti