Xəzər Xəbər

Nazir müavini: Bir təhsil pilləsindən digərinə keçid üçün ixtisaslaşmalar nəzərdə tutulur

Cəmiyyət | 17:08 • 3 Dekabr 2024
Nazir müavini: Bir təhsil pilləsindən digərinə keçid üçün ixtisaslaşmalar nəzərdə tutulur

Nazirlər Kabinetinin qərarları ilə ali təhsilin müxtəlif səviyyəli qərarları - “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”, eyni zamanda “Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı” təsdiq edilib.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu qərarlar təhsil üçün önəmlidir.

Nazir müavini deyib ki, bir təhsil pilləsindən digərinə keçid üçün ixtisaslaşmalar nəzərdə tutulur: "Bəzi ixtisaslar üzrə bakalavrı bitirən tələbələr magistr təhsilini davam etdirmək üçün uyğun ixtisası tapa bilmirdilər. Lakin qərarla bu artıq həllini tapıb. Növbəti tədris ilindən artıq yeni təsnifatlara uyğun ixtisaslaşmalar aparılacaq. Qlobal çağırışlar fonunda əmək bazarı da dəyişir. Müxtəlif səviyyələr üzrə ixtisasların cari təsnifatını yenidən işləyərək vahid qərarda təsdiqləmə zərurəti yaranıb. Nəticədə vahid qərarla dörd təhsil səviyyəsi əhatə olunub və təsnifatların cədvəlləri təsdiq edilib".

O bildirib ki, qərarla bəzi ixtisaslar dəyişib, yenisi əlavə edilib.

Nazir müavini deyib ki, təsdiq edilən təsnifata bakalavriat səviyyəsi üzrə 153, əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə 3, magistratura səviyyəsi üzrə 129, rezidentura səviyyəsi üzrə 44 ixtisas daxil edilib.

Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas (“Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları”) təsnifata əlavə olunub. Eyni zamanda 9 ixtisasın adında dəyişiklik edilib.

Xəbər lenti

Çox oxunanlar