Üç yaşınadək uşağa qulluğa görə verilən müavinətin məbləği 8 ildir ki, artmır.
Xezerxeber.az xatırladır ki, ki, üç yaşınadək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdə olanlar aylıq sosial müavinət almaq hüququna malikdir.
Həmçinin uşağa qulluq edən valideynlərdən birinin, yaxud ailənin başqa üzvünün uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququ var.
Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək ona qulluğa görə isə 28 manat müavinət ödənilməlidir.
Bu müavinət növü 8 il əvvəl 10 faiz artıb
Qeyd edək ki, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinət sonuncu dəfə 2016-cı il fevralın 1-də artırılıb. Həmin il fevralın 1-dən etibarən uşağa qulluq edən şəxsə bir yaş yarımadək uşağa qulluğa görə verilən müavinət 40 manatdan 44 manata, uşağın bir yaş yarımdan üç yaşınadək ona qulluğa görə verilən müavinət isə 25 manatdan 28 manata qaldırılıb. Həmin vaxtdan bəri bu sosial müavinət növünün məbləğində dəyişiklik yoxdur. Onu da bildirək ki, bu müavinət işləyən şəxslərə şamil olunur.
Müavinətin artırılması və onun işləməyən şəxslərə də şamil edilməsi təklif edilir
Xatırladaq ki, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində 3 yaşınadək uşağa qulluğa görə müavinətin əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərə də şamil edilməsi təklif edilib.
Məruzədə əhalinin, xüsusilə aztəminatlı ailələrin və həssas qrupların real ehtiyacları nəzərə alınaraq minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarının miqdarının (həcminin) artırılması, eləcə də 3 yaşınadək uşağa qulluğa görə müavinətin əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərə də şamil edilməsi, həmçinin müvafiq yaşda olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 3 yaşınadək uşağa qulluğa görə müavinətin və 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinətin məbləğinin artırılması məqsədəuyğun hesab edilib.
Bundan başqa, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətin də məbləğinin artırılması təklif edilir.
Yeri gəlmişkən, Milli Məclisin növbəti ilin büdcəsi ilə bağlı bu günlərdə keçirilən iclaslarında sosial sahəyə ayrılan vəsaitlər də müzakirə edilib. Amma konkret olaraq üç yaşınadək uşağa qulluğa görə verilən müavinətin məbləğinin artırılıb-artırılmayacağı ilə bağlı açıqlama verilməyib.
Atif