Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzi (DİM), inzibati vəzifələrin B növü – yəni inzibati icraçı vəzifələr – üzrə BA və BB qrupları üçün dövlət qulluğuna qəbul imtahanı təşkil edir.
Xezerxeber.az-ın-in DİM-in mətbuatına istinadən verdiyi məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində 8 binada keçirilir və kağız formatında aparılır. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 472, BB qrupu üzrə isə 1770 olmaqla, ümumilikdə 2242 namizəd qeydiyyatdan keçib.
İmtahan prosesini təşkil etmək üçün 8 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 201 nəzarətçi və 29 buraxılış rejimi əməkdaşı fəaliyyət göstərəcək.
İmtahan saat 11:00-da başlayır və 3 saat davam edir. Namizədlər, imtahan binasına 10:45-dən gec gəlməməli və mobil telefon, elektron cihazlar, kalkulyator, məlumat kitabçası və digər yardımçı vasitələr gətirməməlidirlər. Namizədlərin, şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə gəlməsi tələb olunur.