Xəzər Xəbər

Azərbaycanda terror aktı hazırlamaqda ittiham olunan şəxslə bağlı MƏHKƏMƏ İŞİ

Cəmiyyət | 10:14 • 25 Sentyabr 2024
Azərbaycanda terror aktı hazırlamaqda ittiham olunan şəxslə bağlı

Azərbaycanda terror aktı və dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlamaqda ittiham olunan Elşən Nəcəfovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Xezerxeber.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Elşən Nəcəfov sərbəst ifadə verib.

O bildirib ki, ali təhsillidir, dövlət qulluğunda çalışıb:

"Səhər işə gedib, evə gəlmişəm. Ötən il DTX əməkdaşları tərəfindən səhər saatlarında saxlanmışam. Lakin hansı səbəbdən saxlandığını bilmirdim ".

39 yaşım var, 10 ildir Elm və Təhsil Nazirliyində işləmişəm.

Dövlət ittihamçısının suallarını cavablayan Elşən Nəcəfov bildirib ki, "facebook" istifadə edib.

"Rəhim Əliyevə kitab barəsində səs atmışam. İngilis casusuna aid bir kitab idi. Mənə maraqlı gəldi.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsə "Facebook profilinizdə başqa ad altında Azərbaycanda hakimiyyətin zorla əl keçirilməsi, konstitusiyanın zorla dəyişdirilməsi ilə bağlı status yazmısız" sualını ünvanlayıb.

Elşən Nəcəfov profilin ona məxsus olduğunu bildirib.

"Şəriətlə bağlı bəzi şeylər məni maraqlandırırdı. Bəzi şəxslərə bununla bağlı suallar ünvanlamışam. Bunun da səbəbi yalnız günah olub-olmadığı olub".

E.Nəcəfov vəkilin suallarını cavablandıran zaman "teleqram" kanalı vasitəsilə bir neçə şəxsə suallar verdiyini bildirib:

"Sosial şəbəkərlərə baxanda gördüm ki, bəzi profillərdə kimlərə sui-qəsd etməklə bağlı postlar gördüm. Mən də Rəhim Əliyev adlı istifadəçiyə sual yazdım ki, islam şəriətinə görə bəzi dövlət xadimlərin öldürülməsi halaldır ya haramdır? Onun bu cür çıxışları vardı, bu səbəbdən bu sualı ona ünvanlamışdım. Bir müddət sonra da həmin mesajları sildim".

Vəkil qeyd edib ki, iş materiallarında Elşən Nəcəfovun xarici ölkələrdən birinin Azərbaycandakı Səfirliyini izlədiyi yazılıb, o müdafiə etdiyi şəxsdən bunu soruşub.

Təqsirləndirilən şəxs vəkilin sualına cavab olaraq deyib ki, səfirliyi izləməyib, sadəcə yol üstü həmin o ərazidən keçib.

Məhkəmə prosesi oktyabrın 3-də davam edəcək.

Qeyd edək ki, 38 yaşlı Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı məlum olub.

Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova planı həyata keçirərkən öldürüldüyü halda “şəhid” hesab ediləcəyini bildirib.
Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib.

Ona Cinayət Məcəlləsinin 28, 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq) və digər maddələri ilə ittiham elan edilib.

Xəbər lenti