Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi təqdim edəcək.
Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, artıq sərnişinlər Bakı, Koroğlu, Bakıxanov, Sabunçu, Pirşağı, Sumqayıt, Goran, Gəncə, Ağstafa və Qəbələ stansiyalarında bu xidmətdən yararlanaraq gözləmə vaxtını daha səmərəli keçirə bilərlər: "Bundan başqa, ADY sərnişinlərin ölkədaxili səfərlər zamanı internetdən istifadəsini asanlaşdıraraq oktyabr ayından etibarən qatarlarda ödənişsiz “Wi-Fi” şəbəkəsi istifadəyə verir. Səyahət boyu sərnişinlərin əlaqə və əyləncə ehtiyaclarını qarşılayan bu xidmət işgüzar əlaqələr üçün də səyahət rahatlığını və məmnuniyyətini əhəmiyyətli dərəcədə artırır. Sərnişinlər yolda olduqları müddətdə e-poçtlarını yoxlaya, müzakirələrə qoşula və təqdimat hazırlaya bilərlər. Həmçinin sərnişinlər səyahət zamanı onlayn kitabxanalara daxil ola, sevdikləri e-kitabları və bloq yazılarını oxuya bilərlər. Bu, onların səyahət müddətini daha faydalı keçirməsinə kömək edəcək. Hələ ki ödənişsiz “Wi-Fi” şəbəkəsi bir həftə test rejimində çalışacaq".
Bununla yanaşı, xidmətin keyfiyyətli qurulmasını təmin etmək baxımından ADY ölkənin hər 3 mobil operatoru ilə müzakirələri yekunlaşdırıb. Razılaşmaya əsasən, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə monitorinqlər aparılıb və sözügedən marşrutlar üzrə mobil rabitənin dayanıqlı təminatı üçün operator şirkətlər tərəfindən tədbirlər planı həyata keçiriləcək.