Bu gün Xankəndi şəhərində həm Qarabağ Universiteti, həm də 4 nömrəli məktəb fəaliyyətə başladı. Bu günü yüz minlərlə insan böyük həsrətlə gözləyib. Nəhayət, sizinlə birgə Xankəndidə ilk məktəbin açılışındayıq.
Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 23-də Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin açılış mərasimində çıxış edərkən deyib.
Nazir tədbirdə iştirak edən hərbçilərimizi də salamlayaraq bildirib ki, bu xoş günlərin əsas səbəbkarları məhz ordumuzun əsgərləridir: “Azərbaycan Ordusunun rəşadəti işğaldan azad edilmiş ərazilərdə yeni məktəblərin açılmasına şərait yaratdı. Bu, şagirdlərimiz üçün də örnəkdir. Ölkə rəhbərimizin Qarabağ Universitetində çıxışı zamanı dediyi kimi, növbəti nəsillər müstəqil, heç kimdən asılı olmayan Azərbaycan vətəndaşlarıdır. Buna görə də hər bir şagirdin, müəllimin üzərinə ikiqat məsuliyyət düşür. Əminik ki, onlar Azərbaycanın daha güclü dövlət kimi formalaşması üçün əllərindən gələni edəcəklər”.
Emin Əmrullayev qeyd edib ki, növbəti aylarda da Kəlbəcər və Cəbrayılda məktəblərin açılışı gözlənilir: “İşğaldan azad edilmiş ərazilərdə, 50-yə qədər təhsil müəssisəsinin fəaliyyət göstərməsi planlaşdırılıb. Həmçinin Xankəndidə daha bir məktəbin açılması nəzərdə tutulur”.