Xəzər Xəbər

Narkotiklə bağlı 45 xarici ölkə vətəndaşı məsuliyyətə cəlb edilib

Cəmiyyət | 12:49 • 16 Sentyabr 2024
Narkotiklə bağlı 45 xarici ölkə vətəndaşı məsuliyyətə cəlb edilib

Bu ilin yanvar-avqust aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5040 nəfər cəlb edilib. Onlardan 16-18 yaşadək-1 nəfər, 18-25 yaşadək 367 nəfər, 26-29 yaşadək 802 nəfər, 30 yaş və ondan yuxarı isə 3870 nəfər təşkil edir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.

Həmin şəxslərdən 4881-i kişi, 159-u qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 45 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 45 xarici ölkə vətəndaşından ümumilikdə 110 kq 016 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 176 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 697 kq 218,848 qr narkotik vasitə və psixotrop maddə, 14768 ədəd metadon həbi, 1710 ədəd və 44 qr güclü təsir edən maddə çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 224-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 632 kq 187,911 qr narkotik vasitə, psixotrop maddə və 85 qr güclü təsir edən maddə müsadirə edilmişdir. 2092 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 512 kq 792,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövri ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 428, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 431, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 58, digər növ cinayət faktların sayı 26, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 15 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 711 kq 689,764 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 681 nəfər azalmışdır.

Bununla yanaşı, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 87 fakt, qrup halında olan cinayətlərin sayı isə 19 fakt artmışdır.

2023-cü ilin 8 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 1 ton 251 kq 481,495 qr (72,7%), tiryəkin çəkisi 108 kq 911,72 qr (46%), həşişin çəkisi 20 kq 029,443 qr (39,3%), psixotrop maddələrin çəkisi 154 kq 539,312 qr (48,5%) azalmışdır.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 4 ton 178 kq 838,75 qr-nı (82%) marixuana təşkil etmişdir. Onun da 3 ton 631 kq-ı (86,9%) xarici ölkə mənşəli olmuş, 547 kq-ı (13,1%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.

Xəbər lenti