Xəzər Xəbər

Şuşa şəhərində 204 ailə fərdi yaşayış evi ilə təmin edilib

Cəmiyyət | 10:21 • 12 Sentyabr 2024
Şuşa şəhərində 204 ailə fərdi yaşayış evi ilə təmin edilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Şuşa şəhərinə infotur təşkil edib.

Komitədən Xezerxeber.az-a bildirilib ki, infoturda məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri ilə bağlı qurumun tərəfdaşı olan şirkətlərin nümayəndələri iştirak ediblər. Onlara Prezident İlham Əliyevin tapşırığı ilə rayonda aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası barədə məlumat verilib. İnfotur iştirakçıları Şuşa şəhərində yeni salınan yaşayış məhəlləsində Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi keçmiş məcburi köçkün ailələri ilə görüşüb, onların fikir və rəylərini öyrəniblər, foto-video çəkilişlər aparıblar.

Bildirilib ki, indiyədək Şuşa şəhərində 204 ailə (763 nəfər) fərdi yaşayış evi ilə təmin edilib. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad ərazilərə infoturlar davam etdiriləcək.

Qeyd edək ki, infotur işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində həyata keçirilib.

Xəbər lenti