Xəzər Xəbər

TKT imtahanına qeydiyyat BAŞLANDI

Cəmiyyət | 15:38 • 16 Avqust 2024
TKT imtahanına qeydiyyat

Dövlət İmtahan Mərkəzi (DİM) TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat elan edib.

Xezerxeber.az Mərkəzə istinadən bildirir ki, imtahan oktyabrın 26-da DİM-in S.Sani Axundov küçəsi, 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.

İmtahana qeydiyyat sentyabrın 11-dək davam edəcək.

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan DİM ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının TKT Modul 1, TKT Modul 2, TKT Modul 3, TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi), TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) üzrə imtahan təşkil edir.

Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric ingilis dili üzrə qiymətləndirmə (Cambridge English Qualifications), Kembric ingilis dili üzrə tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric ingilis dili üzrə səviyyə testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.

Əlavə məlumat üçün international@dim.gov.az  ünvanına yazmaq olar.

Xəbər lenti