Xəzər Xəbər

Bankomatlardan hesablara mədaxil imkanı yaradılıb

Cəmiyyət | 15:49 • 15 Avqust 2024
Bankomatlardan hesablara mədaxil imkanı yaradılıb

Ani Ödənişlər Sistemi (AÖS) ilə bankomatlardan hesablara mədaxil imkanı yaradılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, AÖS üzərindən bankomatlar vasitəsilə hesablara mədaxil funksionallığı “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tərəfindən reallaşdırılan layihə çərçivəsində istismara verilib.

ABB-yə məxsus yeni nəsil bankomatlarda sadəcə “AniPay ID” (mobil nömrə, FİN kod, elektron poçt ünvanı) daxil edilməklə ölkə ərazisində fəaliyyət göstərən istənilən bankdakı hesaba mədaxil imkanı yaradılıb.

Mədaxil prosesi zamanı əlavə heç bir bank rekvizitinin qeyd edilməsinə ehtiyac olmadan əsginasların toplu şəkildə bankomata daxil edilməsi imkanı istifadəçilər üçün mədaxil əməliyyatlarını daha sürətli və təhlükəsiz formada icra etməyə şərait yaradır.

Xatırladaq ki, AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə bank hesablarını AÖS-də qeydiyyatdan keçirə, “AniPay ID” yaradaraq hesabları sadə identifikatorlara (mobil nömrə, FİN kod, elektron poçt ünvanı) bağlaya və 24/7/365 rejimində ödənişləri anında icra edə bilərlər.

Xəbər lenti