Xəzər Xəbər

Mehdiabadda iki şəhidin nəşi dəfn edilib

Cəmiyyət | 13:00 • 15 Avqust 2024
Mehdiabadda iki şəhidin nəşi dəfn edilib

Bu il aparılan ekshumasiya işləri nəticəsində Birinci Qarabağ müharibəsi zaman itkin düşmüş hesab edilən iki şəxsin meyit qalıqları dəfn edilib. Kimliyi bəlli olan şəhidlər - hərbçi Camalov Elman Hüseyn oğlu və hərbçi Əbilov Əbülfəz Əbülfət oğlu Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıblar.

Xezerxeber.az xəbər verir ki, şəhidlərin nəşi Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyindən Bakı şəhərində ailənin yaşadığı evlərinə gətirilərək ailə üzvlərinə təhvil verilib. Elə orada vida mərasimi keçirilib. Cənazə namazı qılınıb, bütün şəhidlərin ruhuna dualar oxunub.

Çıxış edənlər şəhidlərin qısa və şərəfli həyat yolundan danışıblar. Bildirilib ki, hərbçi Elman Camalov 1992-ci il yanvarın 25-də Şuşanın Daşaltı kəndi ətrafında gedən ağır döyüşlər zamanı həlak olub. Digər hərbçi Əbülfəz Əbilov isə 1994-cü ilin yanvar ayının 1-də Füzuli rayonun Aşağı-Seyid Əhmədli kəndində şəhidlik zirvəsinə yüksəlib.

Şəhidlər Camalov Elman Hüseyn oğlu və Əbilov Əbülfəz Əbülfət oğlunun nəşinin qalıqları hərbi orkestrin ifasında səslənən Azərbaycanın Dövlət Himninin sədaları altında Mehdiabad qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dualar oxunub, yaylım atəşi açılıb. Cənazənin büküldüyü Azərbaycan bayrağı şəhidlərin ailə üzvlərinə təqdim edilib.

Dəfn mərasimində Abşeron, Binəqədi və Cəbrayıl Rayon İcra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə veteranları və qəsəbə sakinləri iştirak ediblər.

Xəbər lenti

Çox oxunanlar