Hazırda Xəzər dənizində çimərlik mövsümü ilə əlaqədar suda boğulma hadisələrinin sayı artıb. Bunun da əsas səbəblərindən biri Xəzər dənizinin suyunun çəkilməsidir. Belə ki, bəzi sahillərdə 100, bəzi sahillərdə 200, bəzi sahillərdə isə hətta 500 metrə qədər çəkilmə var.
Xezerxeber.az bildir ki, Bu barədə AZƏRTAC-a açıqlamasında Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri professor Əmir Əliyev məlumat verib.
Professor bildirib ki, suda boğulma hadisələri əsasən Xəzər dənizinin Abşeron ərazisində müşahidə edilir. Bu ərazilərdə çoxlu daşlar və qayalar mövcuddur. Əsasən neftli, qazlı sahələr bu ərazilərdə yerləşir. Bu yerlər Qafqaz dağlarının yuxarı hissəsidir. Bura Abşeron astanası adlanır. Oradan sağ tərəfdə Cənubi Xəzər çökəkliyi yerləşir ki, həmin yerdə dərinlik 1000 metrdən çoxdur. Sol tərəfdə isə Xəzərin orta dərinliyi 800 metrdir. Dərbənd və Lənkəran çökəkliyi adlanan bu ərazilərdə sualtı daşlar çoxdur. Bu ərazilər daha təhlükəli sayılır. Nabran ərazisində, Lənkəran və Astara zonasında isə belə daşlar azdır.
Ə.Əliyev vurğulayıb ki, Xəzər dənizinin səviyyəsi aşağı düşdükcə dəniz dibi axınlarının sürəti və istiqaməti tez-tez dəyişə bilir. Xüsusilə küləkli havalarda bu, daha çox müşahidə olunur. Dəniz dibi axınları güclüdür və onlar burulğan yarada bilir ki, bu zaman üzmək çətin olur.
“1995-ci ildə Xəzər dənizinin səviyyəsi 2 metr hündür idi. Onda suda batma hadisələri çox az olurdu. Suyun üzünə belə axınlar çox da təsir etmir. Əsasən bu hallar dənizin aşağı qatlarında özünü daha çox büruzə verir. Bu axınların istiqaməti yalnız küləkli hava şəraitindən asılıdır. Küləklı havalarda belə hadisələr baş verə bilir. Proqnozlara görə, Xəzərin indiki səviyyəsi təxminən 2050-ci ilə qədər 1 metr enə bilər. Xəzər dənizinin səviyyəsi 1977-ci ildə bugünkü səviyyədən yarım metr aşağı olub. Suda boğulma hadisələri onda da baş verib. Tarix boyu Xəzərdə suyun səviyyəsi dəyişib. Bu proses daim təkrar olunur. Buna görə də Xəzərin səviyyəsinin dəyişməsi prosesinə uyğunlaşmaq lazımdır”, - deyə alim bildirib.