Xəzər Xəbər

Bakı-Sumqayıt yolunda qəza nəticəsində yaralananlardan 14-ü evə buraxılıb

Cəmiyyət | 12:55 • 3 Avqust 2024
Bakı-Sumqayıt yolunda qəza nəticəsində yaralananlardan 14-ü evə buraxılıb

Ötən gün Bakı-Sumqayıt magistralında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 19 nəfərdən 14-ü artıq ambulator müalicə üçün evə buraxılıb.

Mərkəzdən Xezerxeber.az-a bildirilib ki, digər 5 nəfərin isə müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.

Onlardan qapalı kəllə-beyin travması, sol dizin qapalı sınığı diaqnozları ilə Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1993-cü il təvəllüdlü şəxsin (kişi) vəziyyəti ağır qiymətləndirilir. Həmin şöbədə qapalı kəllə-beyin travması diaqnozu ilə müalicə alan 1961-ci il təvəllüdlü şəxsin (qadın) vəziyyəti orta ağırdır.

Qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulan 1986 və 1988-cu il təvəllüdlü şəxslərin (qadın) müalicəsi isə Neyrocərrahiyyə şöbəsində davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir. 1980-ci il təvəllüdlü şəxs (qadın) isə sağ qabırğanın sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicə alır və vəziyyəti orta ağırdır.

Qeyd edək, avqustun 2-də Bakı-Quba yolunun Ceyranbatan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. İnsident zamanı iki sərnişin avtobusu toqquşub. Nəticədə 1 nəfər ölüb, 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar