Xəzər Xəbər

Yağın bədənə paylanması yaddaşsızlıq riskinə təsir göstərir

Cəmiyyət | 13:38 • 26 İyul 2024
Yağın bədənə paylanması yaddaşsızlıq riskinə təsir göstərir

Alimlər yağların bədəndə paylanması ilə demans (yaddaşsızlıq) kimi xəstəliklərin riski arasında əlaqəni aşkar ediblər.

AZƏRTAC “The Independent” nəşrinə istinadla xəbər verir ki, neyrodegenerativ xəstəliklər arasında olan demans, koqnitiv problemlərə səbəb olur, yaddaş və nitq kimi bacarıqlara təsir edir. Adətən daha çox yaş dönəmlərində baş verən bu pozğunluğa genetik və ətraf mühit faktorları səbəb olsa da, onun dəqiq səbəbi hələ məlum deyil. Son araşdırmalarda bədəndəki yağ miqdarının demans və parkinson kimi neyrodegenerativ xəstəliklərin meydana gəlməsinə səbəb ola biləcəyinə dair aşkarlanan tapıntılar mövcuddur.

“Neurology” jurnalında dərc olunan məqalədə məlum olub ki, yağın bədəndə olduğu yer bu xəstəliklərin riskinə təsir edir. 412 min 691 insanın məlumatlarının araşdırıldığı tədqiqatda, bütün bədən kütləsi deyil, yağ və yağsız bölgələrin nisbəti ilə neyrodegenerativ xəstəliklər arasındakı əlaqə araşdırılıb. Tədqiqatın əvvəlində alimlər iştirakçıların bel-ayaq nisbətini, tutma gücünü, sümük sıxlığını, yağ və yağsız kütləni ölçüblər. Təxminən 9 il davam edən təqib dövründə 8224 nəfərin neyrodegenerativ xəstəliklərdən birinə sahib olduğu qeyd edilib. Alimlər müəyyənləşdiriblər ki, qolları çox piyli insanlarda neyrodegenerativ xəstəliklərə tutulma riski 18 faiz çoxdur. Qarın bölgəsində daha çox yağ olan iştirakçılarda bu nisbət 13 faizdir. Həmçinin müşahidə edilib ki, əzələ kütləsi çox olan insanlar bu xəstəliklərdən 26 faiz daha az əziyyət çəkirlər. Tədqiqatçılar hesablamalarda yüksək qan təzyiqi, diabet, siqaret və alkoqol içki kimi digər amilləri də nəzərə alıblar.

Məqalənin aparıcı müəllifi professor Şişi Xu nəticələri belə qiymətləndirir: “Tədqiqatda böyük bir iştirakçı qrupu araşdırılsa da, əhəmiyyətli bir məhdudiyyət nəticələrin müşahidəyə əsaslanması və səbəb-nəticə əlaqəsinin qurulmamasıdır. Ancaq əvvəlki araşdırmalarda oxşar nəticələrin əldə edildiyini nəzərə alsaq, yağ tərkibinin demans kimi xəstəliklərin riskini artıra biləcəyini söyləmək olar. Bunun dəqiq səbəbi hələ məlum deyil, əzələ toxumasının olması lazım olan yerlərdə yağ yığılması riskə təsir edə bilər. Arzuolunmaz yerlərdə yağ yığılması - həm də xroniki xəstəliklər, insulin müqaviməti, əzələlərin pisləşməsi və iltihabı ilə əlaqələndirilir. Genetik faktorlar müəyyən dərəcədə yağın bədəndə necə paylandığını aydınlaşdırır. Bununla belə, həyat tərzində bəzi dəyişikliklər daha bərabər paylanmaya səbəb ola bilər. Orqanizmdə yağ paylanması yalnız genetika ilə müəyyən edilmir. Odur ki, daha aktiv olmaq, oturaq həyat tərzindən uzaq, qol və qarındakı piylərdən qurtulmaq üçün hərəkət, idman etmək əhəmiyyətli olar. Bunu etməklə neyrodegenerativ xəstəlik riskini azaltmaq mümkündür”.

Xəbər lenti

Çox oxunanlar