Azərbaycanda internetin sürətində və qiymətində dəyişiklik olacaq.
Xezerxeber.az xəbər verir ki, bu barədə "Aztelekom" və "Baktelekom" şirkətləri öz səhifələrində məlumat paylaşıb.
Bildirilir ki, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq tarif paketlərində sürəti 2.5 dəfə artırılacaq və 15 avqust 2024-cü il tarixindən etibarən dəyişikliklər ediləcək.
Şirkət GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq.
Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək. Abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək.
Qeyd edilən qiymət dəyişiklikləri xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli "Təşəkkür" tarif paketlərini əhatə etməyəcək: "Bu işlər ölkəmizdə dünya trendləri ilə ayaqlaşma və əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədilə həyata keçirilir", -deyə tarif dəyişikliyi belə əsaslandırılır.
Oxşar məlumatı “Uninet” MMC ("CityNet") də yayıb. Bildirilib ki, tariflər 02.08.2024-cü il tarixindən etibarlıdır. Dəyişikliklər sosialyönümlü və güzəştli paketlərə şamil edilmir: “Fiber optik internetdən yararlanan abunəçilərin internet sürəti 100 Mb/s-ə qədər artırılacaq. Fiziki şəxslər üçün internet paketinin qiyməti 25 AZN, “İnternet + TV” paketinin qiyməti 31 AZN, “İnternet + TV + Telefon” xidmətinin qiyməti isə 33 AZN təşkil edəcək. Hüquqi şəxslər üçün 100 Mb/s internet paketinin qiyməti 30AZN, 150 Mb/s internet paketinin dəyəri 36 AZN, 250 Mb/s internet paketi üçün qiymət 44 AZN olacaq”.