Xəzər Xəbər

Prostat vəzinin əməliyyatı icbari tibbi sığorta ilə aparılır

Cəmiyyət | 12:21 • 18 İyul 2024
Prostat vəzinin əməliyyatı icbari tibbi sığorta ilə aparılır

Prostat vəzinin adenoması ilə bağlı simptomlar yarandıqda dərhal həkim-uroloqa müraciət etmək lazımdır.

Xezerxeber.az-ın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, ilk olaraq pasiyent həkim tərəfindən fiziki müayinə olunur. Xəstəliyin dəqiq diaqnostikası üçün həkim tərəfindən laborator və instrumental müayinələr təyin oluna bilər. Laborator müayinələrə sidiyin ümumi analizi, qanda ümumi və sərbəst prostat spesifik antigenin (PSA) təyini daxildir. İnstrumental müayinələr üçün uroloji ultrasəs müayinəsi, ehtiyac olduqda transrektal USM, KT və MRT müayinələri tövsiyə olunur. Bundan başqa, sidik ifrazat sisteminin funksiyasını dəyərləndirmək üçün uroflumetriya müayinəsi təyin oluna bilər. Ümumi müayinələrin nəticələri əsasında prostat vəzinin bədxassəli inkişafına şübhə olarsa onun biopsiyası da aparıla bilər.

Prostat vəzinin adenomasının dərman müalicəsinə tabe olmaması fonunda prostatın transuretral rezeksiyası (TURP) əməliyyatı aparılır. Bu əməliyyat bəzən prostat vəzinin bədxassəli şişi, sidik kisəsinin polipləri və şişlərində, sidik kisəsi boynunun sklerozunda da tətbiq edilir.

Prostatın transuretral rezeksiyası (TURP) – dəridə kəsik aparılmadan təbii sidik kanalından daxil olmaqla sidik axınına maneə törədən prostat vəzinin toxumasının kəsilib götürülməsi əməliyyatıdır. Əməliyyat endoskopik üsulla vizual müayinə altında aparılır. Ağırlaşma olmazsa əməliyyatdan bir neçə gün sonra pasiyent ambulator müalicə üçün evə buraxılır.

Qeyd edək ki, instrumental və laborator diaqnostik müayinələr, reanimasiya, anesteziya, əməliyyat və yatış zamanı istifadə olunan dərman və tibbi sərf (kateter), biopsiya və əməliyyat zamanı götürülən toxumanın histoloji müayinəsi və yatış müddətində qidalanmanın xərcləri icbari tibbi sığorta ilə tam qarşılanır.

2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə 3385 TURP əməliyyatı icra olunub. Beynəlxalq kliniki protokola görə prostat vəzin həcmi 80 sm³-ə qədər TURP əməliyyatı, daha böyük həcmlərdə isə başqa əməliyyat növləri icra edilə bilər. Bu əməliyyatın açıq əməliyyatdan üstünlüyü ondan ibarətdir ki, sidik kisəsinin tamlığı pozulmur. Bədəndə heç yerdə kəsik açılmadığı üçün pasiyentin əmək qabiliyyəti tez bərpa olunur. Əməliyyatdan sonra sidik ifrazının pozulması ilə bağlı kişilərin həyat keyfiyyətinə mənfi təsir göstərən simptomlar aradan qalxır.

TURP əməliyyatı icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyində olan Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Nərimanov Tibb Mərkəzi, M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Yeni Klinika, Gəncə Birləşmiş Şəhər Xəstəxanası və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində göndəriş əsasında icra olunur.

Xəbər lenti

Çox oxunanlar