2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı təxminən 60 minə yaxın olacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, hər il olduğu kimi bu il də qəbul planı artıb:
“Bu il iki ali təhsil müəssisəsinin – Qarabağ və Türkiyə-Azərbaycan universitetlərinin fəaliyyətə başlaması da buna təsir edib”.
E.Əmrullayev qeyd edib ki, plan yerlərindən təxminən yarısından bir az çoxu dövlət sifarişi və ya dövlət hesabına təhsil alanlar üçün nəzərdə tutulur:
“Dövlət sifarişi daha yüksək bal toplamış şəxslərə dövlət sifarişi yerlərinə uyğun müəyyən olunur. Eyni zamanda bir qrup həssas təbəqəyə aid olan şəxslərin övladlarının da təhsil haqları dövlət tərəfindən ödənilir. Bu il də qazi və müharibə veteranlarının da təhsil haqqını dövlət ödəyəcək. Bu nöqteyi-nəzərdən dövlət sifarişli yerlərin sayı həmişə 50 %-dən çox olur”. (report)