“Tik-Tok” sosial şəbəkəsində dələduzluq etdiyi üçün saxlanılan şəxsin digər əməlləri də ortaya çıxıb.
DİN-dən Xezerxeber.az-a verilən məlumata görə, müxtəlif vaxtlarda bank kartlarından 300, 900, 50, 320, 125, 338 və 100 manat olmaqla ümumilikdə 2133 manat pul vəsaitlərini taladığı üçün polis əməkdaşları tərəfindən saxlanılan 21 yaşlı Raqif Məmmədovun digər qanunsuz əməlləri də müəyyən olunub. Onun daha iki nəfərin kartında olan 6000 və 310 manatı ələ keçirdiyi məlum olub.
Qeyd edilib ki, R.Məmmədov “Tik-Tok” sosial şəbəkəsində həmin şəxslərin kart məlumatlarını dələduzluq yolu ilə ələ keçirərək pul vəsaitlərini talayıb. Saxlanılan şəxs eyni üsulla daha 25 nəfərin pul vəsaitlərini talayıb.
Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.