Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün paytaxtın Azadlıq prospektində əsaslı təmir işlərinə start verilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, təmir işləri prospektin Cəfər Xəndan küçəsi ilə Mixail Kaveroçkin küçəsi arasında olan hissəsində aparılır. Sözügedən hissənin uzunluğu 3,4 km təşkil edir.
Azadlıq prospekti boyunca hərəkət intensivliyi və vətəndaşların rahatlığı nəzərə alınaraq təmir işləri gecə saatlarında aparılır. Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və frez materialının kənara daşınması işləri icra olunur.
Qeyd edək ki, işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir.
Agetlik bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.