Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr yekunlaşıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Xezerxeber.az-a bildirilib ki, övladının müsahibədəki nəticəsindən narazı qalan valideynlər iyunun 3-dək mektebeqebul.edu.az saytının əlaqə bölməsində "Apellyasiya Komissiyasına müraciət" hissəsini seçərək müraciət edə bilərlər.
Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və müsahibədə uğur qazanan uşaqlar sistem tərəfindən avtomatik olaraq 1-ci sinfə yerləşdiriləcəklər. Məktəbəhazırlıq qruplarında təhsil almayan və müsahibədə uğur qazanan uşaqlar üçün həmin bölmə üzrə məktəb və müəllim seçimi isə iyunun 12-si saat 11:00-dan etibarən başlayacaq.
Qeyd edək ki, iyunun 12-dən iyulun 12-dək Abşeron rayonu, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən bir sıra ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan bölmələri üzrə yalnız üstünlük hüququ əsasında qəbul aparılacaq. İyulun 12-dən sentyabrın 13-dək isə sərbəst (prioritetsiz) seçim mümkün olacaq. Valideynlər üstünlük hüququ tətbiq edilən müəssisələrin siyahısı ilə mektebeqebul.edu.az saytında tanış ola bilərlər.