Bakının Yasamal rayonu Şərifzadə küçəsində parklama yeri kimi istifadə edilən səki piyadalara qaytarılıb.
Bu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Bazar günü, aprelin 28-də səhər saatlarında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinqlər nəticəsində paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi, 255 ünvanında ictimai yerin (səkinin) zəbt edilməsi faktı aşkarlanıb.
Piyada səkisinin parklama yerinə çevrilməsi və bu ərazidə mövcud ağaclara zərər verilməsi cəhdinin qarşısı Baş İdarə tərəfindən alınıb. Belə ki, Baş İdarə müvafiq strukturları məlumatlandırmaqla, piyada səkisinin əvvəlki vəziyyətə qaytarılmasını təmin edib.
İctimai yerlərdən qanunsuz istifadə və zəbt halları, o cümlədən şəhər ərazisində qanunsuz tikinti faktlarına qarşı Baş İdarə tərəfindən aparılan barışmaz mübarizə bundan sonra da davam etdiriləcək”, – Riyad Qasımov yazıb.