Xəzər Xəbər

Buraxılış imtahanı keçirildi, 2 nəfərdə mobil telefon aşkarlanıb, 1 nəzarətçi isə köçürməyə şərait yaradıb

Cəmiyyət | 14:31 • 21 Aprel 2024
Buraxılış imtahanı keçirildi, 2 nəfərdə mobil telefon aşkarlanıb, 1 nəzarətçi isə köçürməyə şərait yaradıb

21 apel 2024-cü il tarixində Bakı şəhərinin Xəzər (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan MR, Sumqayıt (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (II zona) və Quba (II zona) rayonlarında, həmçinin tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrinin (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər) məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Xezerxeber.az-ın xəbĕrinə görə, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 203 imtahan binası, 3510 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 571 imtahan rəhbəri və ümumi rəhbər, 4323 nəzarətçi, 619 buraxılış rejimi əməkdaşı (mühafizə), 203 bina nümayəndəsi ayrılıb.

İmtahanda 46169 şagirdin iştirakı gözlənilirdi.

İmtahanda 17 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak ediblər. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı, 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

Xəbər lenti

Çox oxunanlar