Azərbaycan 10 milyondan çox olan əhalinin 0-17 yaşlı uşaq və yeniyetmələrin sayı 2 milyon 633 min 54 nəfərdir. Son 5 ildə aparılan təhlilə əsasən, 0-13 yaşlı uşaqların ümumi xəstələnmə göstəriciləri azalsa da, tənəffüs və həzm sistemləri, onkoloji, psixoloji və davranış pozğunluğu, göz xəstəlikləri, qan dövranı xəstəlikləri üzrə xəstələnmə hallarına rastgəlmə tezliyi artıb.
Xezerxeber.az xəbər verir ki, bu sözləri səhiyyə nazirinin müavini İlqar Qasımov aprelin 17-də parlamentdə keçirilən “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda birgə ictimai dinləmədə deyib.
O bildirib ki, həmçinin 14-17 yaşlı yeniyetmələr arasında ümumi xəstələnmə göstəriciləri və bütün sistemlər üzrə xəstələnmələrin rastgəlmə tezliyi də son 5 ildə artıb.
“14-17 yaş daha sağlam dövr hesab edilsə də, son zamanlar mütəxəssislər yeniyetməlik dövrünün gələcəkdə gənclərin sağlamlığı üçün son dərəcədə vacib olduğunu bildiriblər. Ona görə də bu dövrdə sağlamlıq məsələsinə xüsusi diqqət yetirilməsini tövsiyə edirlər. Məhz bu yaşda insanın sonrakı həyatında sağlamlığına təsir göstərəcək bir çox xroniki xəstəliklər və pis vərdişlər yaranır. On səkkiz yaşadək insanların ən yüksək ümumi xəstələnmə göstəriciləri Abşeron-Xızı və Bakıda qeydə alınıb”, - deyə nazir müavini vurğulayıb.