Hazırda xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 138, magistratura səviyyəsi üzrə 379 nəfər təhsil alır.
Xezerxeber.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunları ilə görüş və karyera sərgisində söyləyib.
Turan Topalova bildirib ki, həmin tələbələr 21 ölkədə 17 ixtisas istiqaməti üzrə 121 universitetdə təhsil alırlar. Dövlət Proqramı tələbələrinin təhsil aldığı TOP 5 ölkə arasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə Respublikası, Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, İtaliya Respublikası yer alır. Tələbələrin ən çox üz tutduğu TOP ixtisas informasiya texnologiyaları, mühəndislik, maliyyə, iqtisadiyyat və təhsil sahələridir.