Müntəzəm sərnişin daşımalarda və taksi minik avtomobili ilə sərnişin daşımalarda avtonəqliyyat vasitəsinə qoyulan rəng tələbinə aydınlıq gətirilib.
Xezerxeber.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.
Qərara əsasən, müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır. Taksi minik avtomobilləri isə ağ və ya qırmızı rənglərdə olmalıdır.
Keçid müddəalarına əsasən, rəng tələbi 2024-cü il iyulun 1-dən ölkə ərazisinə idxal edilən və ya ölkə ərazisində istehsal edilən avtonəqliyyat vasitələrinə şamil ediləcək.