Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib.
Xezexeber.az Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinə isitnadən məlumat verir ki, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib. Qeyd edilib ki, ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə paytaxtda, istismar müddəti bitmiş, sovetlər dövründən qalma mindən çox lift müasir liftlərlə əvəz edilib və bu istiqamətdə işlər davam etdirilir. Bununla yanaşı şəhərin lift təsərrüfatında müəyyən problemlər qalmaqdadır və təcili müdaxilələrə zərurət yaranıb.
Yol verilən nöqsanlara görə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova şiddətli töhmət elan edilib və Komissiyanın yekun rəyinə əsasən onun tutduğu vəzifədə qalıb-qalmayacağına dair qərar veriləcəyi qeyd edilib. Eyni zamanda “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıblar. Həmçinin Binəqədi rayon təsərrüfat xidmətlərinin rəhbərlərinə xəbərdarlıq edilərək rayon rəhbərliyinə onların şəxsi məsuliyyət məsələsinə baxılması tövsiyə edilib.
Müşavirədə həm də Bakı şəhərində aparılan abadlıq-quruculuq işlərinin vəziyyəti müzakirə edilib. Bildirilib ki, paytaxtımız son illərdə böyük sayda beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bununla əlaqədar abadlıq-quruculuq işlərinin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib və şənbə günü paytaxt ərazisində geniş iməcilik və ağacəkmə aksiyalarının keçirilməsi qərara alınıb.