Martın 23-də 3614 nömrəli Günəş ləkəsinin fəallığı nəticəsində X1.1 (güclü R3) alışması baş verib. Bu mürəkkəb plazma atılmasının pik həddi Bakı vaxtı ilə saat 05:33-ə təsadüf edib. Eyni zamanda 3615 ləkəsindən alışma baş verib. Adıçəkilən fəal törəmələrin alışması asimmetrik tac kütlə atılması ilə nəticələnib. Tac kütlə atılmasının Yerə yaxınlaşması nəticəsində martın 24-də güclü geomaqnit qasırğası qeydə alınıb.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Xezerxeber.az-a verilən məlumata görə, geomaqnit qasırğasının loqarifmik indeksini göstərən Kp əmsalının maksimal qiyməti 8.333 olub. Bu qiymət G4 səviyyəli geomaqnit qasırğasına uyğundur. Qeyd etmək lazımdır ki, martın 24-ü səhər saatlarında yüksək sürətli axınların (Coronal Hole High Speed Stream - CH HSS) təsiri altında G1-G2 səviyyəli (Kp=5,6) geomaqnit qasırğası qeydə alınmaqda idi. İlkin olaraq şəraitin stabilləşəcəyi proqnozlaşdırılsa da, gözlənilmədən Bakı vaxtı ilə saat 18:37-də qəfil impulsun təsiri nəticəsində yenidən G2 səviyyəli qasırğa qeydə alınıb, saat 20:28-də isə kosmik hava şəraitində həyəcanlaşma pik həddinə çataraq G4-ə yüksəlib.
Hazırda Günəş küləyi parametrləri yüksək səviyyədə qalmaqdadır. Martın 23-də baş vermiş tac kütlə atılması və fəal yüksək sürətli axınların təsiri nəticəsində martın 24-ü günün sonunda G3 səviyyəli (Kp=7) maqnit qasırğası ilə müşayiət olunan həyəcanlanmış şərait müşahidə edilib. Tac kütlə atılmasının təsirinin zəifləməsi davam etdiyindən martın 25-də və 26-da fasilələrlə G1 səviyyəli qasırğalar istisna edilmir. Martın 27-də ümumi həyəcanlanmış şəraitin müşahidə olunacağı (Kp=4), mütəmadi olaraq sakit şəraitlə əvəzlənəcəyi proqnolaşdırılır.
Qeyd edək ki, belə maqnit qasırğaları Yerin eko-, bio- və texnosistemlərinə öz mənfi yan təsirlərini göstərir. Bundan başqa, maqnit qasırğalı günlərdə risk qrupuna daxil olan xəstələrin, əsasən ürək-qan damar və digər xroniki xəstəlikləri olan və yaşlı insanların səhhətlərində müəyyən narahatlıq-diskomfort halları arta bilər. Belə hallar adətən impulsiv baş ağrıları, qan təzyiqinin yüksəlməsi, miqren ağrılarının və halsızlığın artması şəklində özünü göstərir. İnsanlara təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlər görmələri, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük vermələri tövsiyə olunur.
Həyəcanlanmış kosmik hava şəraiti nəticəsində əmələ gələn geomaqnit qasırğası səbəbindən yuxarı və hətta bəzi orta en dairələrində yerləşən ölkələrin əhalisi yaxın 3 gün ərzində əsararəngiz təbiət hadisəsinin - "avrora"ların ("qütb parıltıları"nın) şahidi olurlar.