Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) uzaq məsafələrə yük və sərnişin daşıyan sürücülərə müraciət edib.
Xezerxeber.az-a daxil olan müraciətdə qeyd olunub ki, qeyri-iş günlərində daxili işlər orqanları, o cümlədən DYP əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır.
Bildirilib ki, hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artması fonunda yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən, nasaz, mövsümə uyğun təchiz edilməyən avtomobillərlə səfərə çıxan, xüsusilə yük və sərnişindaşıma sahəsində daha çox qazanc əldə etmək məqsədilə gün ərzində istirahət etmədən bir neçə dəfə uzaq məsafələrdə sifariş yerinə yetirən sürücülərə tez-tez təsadüf edilir ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.
İdarə bir daha səfərə çıxan sürücüləri, xüsusilə yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxsləri yorğun, yuxusuz halda sükün arxasına əyləşməməyə, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyə, qaydalara sözsüz əməl etməyə çağırıb.