Böyrək xəstəliyi Azərbaycanda geniş yayılıb. Ölkəmizdə 2023-cü ildən bu günə qədər 21 xəstəyə böyrək köçürülməsi prosesi həyata keçirilib.
Xezerxeber.az xəbər verir ki, bu sözləri TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında “Ümumdünya Böyrək Günü”nə həsr olunmuş elmi-praktik konfransda çıxışı zamanı söyləyib.
T.Mirzəbəyli bildirib ki, böyrək xəstəlikləri cəmiyyətimizdə əsas sosial problemlərdəndir. Bu səbəbdən də “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində 43 adda dərman vasitəsi, 35 adda tibbi sərfiyyat materialları və ləvazimat xəstələrə təqdim edilib.
“Bu günə qədər ölkəmizdə 37 orqan transplantasiyası həyata keçirilib. Onlardan 21-i böyrək transplantasiyası olub. Hazırda 4 mindən çox aktiv dializ proseduru alan xəstə var. Bütün bunlar icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində aparılan orqan transplantasiyası əməliyyatlarıdır”, - deyə Teymur Mirzəbəyli əlavə edib.