“Allergik xəstəliklər irsi keçən, xroniki xəstəliklərdir, genlər vasitəsilə nəsildən-nəslə ötürülür”.
Xezerxeber.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun allerqoloqu Çinarə Novruzova açıqlayıb. Onun sözlərinə görə, hansı situasiyalarda allergik xəstəliklər astmaya keçə bilər sualı yarandıqda ilk növbədə hansı allergik xəstəliklərdən söhbət getdiyinə diqqət yetirmək vacibdir: “Bu proses astmaya doğru “allergik marş” olaraq adlanır. Nə üçün bu şəkildə adlandırıldığına diqqət yetirsək, görərik ki, astmadan öncə uşaqda proses digər allergik simptomlar şəklində müşahidə olunur. Proses kiçik yaşlarda əsasən dəridə lokalizasiya olunur və atopik dermatit adlanır. Atopik dermatit yeni doğulan zaman müşahidə olunur. Xəstəliyin simptomları dəridə quruluq, səpgi və qaşınmadır. Kiçik yaşlarda bu şikayətlər üz nahiyəsində, ətraf büküşlərində görünür. Bu reaksiyalar qidaya, istifadə olunan təmizlik vasitələrinə, geyim əşyalarına, yataq dəstlərinə qarşı yarana bilər. İrəliləyən yaşlarda qoruyucu tədbirlər görülməsə, proses həm dəri səthində yayılır, həm də üst tənəffüs yollarında lokalizasiya olunur. Üst tənəffüs yollarına lokalizasiya olunan reaksiyalar allergik rinit adlanır. Xəstəliyin simptomları burunda qaşınma, tutqunluq, şəffaf axıntının gəlməsi ilə müşahidə olunur. Bu şikayətlərdə eyni şəkildə atopik dermatitdə qıcıqlandırıcı rol oynayan amillərin təsirinə məruzqalma zamanı yaranır”.
Allerqoloq qeyd edib ki, bu mərhələlərdə uşaqlarda düzgün həyat tərzi, hipoallergik pəhriz və müalicə aparılmadıqda artıq növbəti mərhələ olan astmanın yaranma ehtimalı artır: “Bu proses nəsildə astmadan əziyyət çəkən şəxs olduqda daha çox müşahidə edilir. Biz kiçik yaşlarda uşaqda atopiya hallarını gördükdə bu halı yaradan qidanı, ətraf mühit amillərini araşdırıb tapmalı və uşaqdan kənarlaşdırmalıyıq. Əlavə olaraq xəstəlik barədə geniş məlumat verilməli, müalicə planı təyin edilməlidir. Bu şəkildə yanaşma ilə uşaqlarda gələcəkdə astma kimi xəstəliklərin inkişaf riski azala bilər”.