İstintaq təcridxanalarında və bəzi cəzaçəkmə müəssisələrində mövcud normadan artıq şəxsin saxlanıldığı halları müşahidə edilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi”ndə qeyd edilib.
Məlum olub ki, 2500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında başçəkmələr zamanı orada limitdən daha çox şəxsin saxlanıldığı müəyyən olunub.
Bununla yanaşı, 700 nəfərlik 2 saylı İstintaq Təcridxanasında 800, 1050 nəfərlik 3 saylı İstintaq Təcridxanasında 1400 nəfərin saxlandığı, 1200 nəfər saxlanma limiti olan 2 saylı cəzaçəkmə müəssisəsində isə 1411 məhkumun cəza çəkdiyi müəyyənləşib. Penitensiar müəssisələrdə sıxlığın azaldılması istiqamətində kompleks tədbirlər davam etdirilir. Bununla belə, əksər hallarda həbs qətimkan tədbirinin seçilməsinə dair, habelə həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanları tərəfindən verilən təqdimatların çoxluğu və çox vaxt həmin təqdimatların məhkəmələr tərəfindən təmin edilməsi istintaq təcridxanalarında sıxlığın yaranmasına səbəb olur.