Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, hazırda ölkə ərazisində qızılca və Hepatit A xəstəliyinə qarşı əks-epidemik tədbirlərin aparılması davam etdirilir.
Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.
Qeyd edilib ki, qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar arasında peyvənd işinə nəzarət gücləndirilib, böyük yaşlı əhali arasında da peyvəndləmə işləri davam etdirilir.
"Hər iki xəstəlik üzrə epidemioloji vəziyyət stabildir, müraciət sayında artım qeydə alınmır", - deyə əlavə edilib.
Xatırladaq ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub. (trend)