Dünyada ən çox yayılmış xərçəng növü - dəri xərçəngidir. Bu xəstəliyə təcrübəli dəri həkimi tərəfindən asanlıqla diaqnoz qoyula bilər.
Xezerxeber.az Türkiyənin Düzce Universitetinin həkim-professoru Yunus Özcanın bu barədə əhəmiyyətli məsləhətlərini təqdim edir.
Y.Özcan bildirib ki, dəri xərçəngi riski və qarşısının alınması üsulları çoxdur. Bu xərçəng növü dünyada ən çox rast gəlinən xəstəlikdir. Erkən yaşlarda ölümlə nəticələnə bilən melanoma kimi dəri xərçəngləri də mövcuddur. Onların əsas xüsusiyyəti, ümumiyyətlə, dəri müayinəsi ilə asanlıqla aşkar edilməsidir. Burada tibbi müayinənin əhəmiyyəti əsas rol oynayır.
Professor qeyd edib ki, günəşdən gələn ultrabənövşəyi şüalar dəri xərçənginin əsas səbəblərindən biridir. Açıq dəriyə malik, günəş şüalarına məruz qalaraq yanan insan dərisi bundan asan təsirlənir. Ultrabənövşəyi şüaların yaratdığı zədələr dəriyə kumulyativ təsir göstərir və bununla da dəri xərçəngi riski artır. Bir dəfə dəri xərçəngi keçirmiş və ya başqa bir orqanında xərçəng olan insanlarda ikinci dəri xərçənginin inkişaf riski də artır. Dərman, xəstəlik və ya hər hansı digər səbəbdən immun sistemi zəifləmiş insanlarda da bu risk arta bilər. Bu insanlar dəri xərçənginə tutulma riskindən xəbərdar olmalı və dərilərindəki dəyişiklikləri izləməlidirlər.
“Bəs bundan qorunmaq üçün nə etməli? Əsasən, ultrabənövşəyi şüalardan qorunmalıyıq. Qoruyucu kimi günəş kremindən istifadə olunmalıdır. İldə ən azı bir dəfə dərimizi müayinə etdirməliyik. Yeni əmələ gələn, rəngini dəyişən şübhəli formasiyalar üçün dermatoloqa müraciət olunmalıdır. Dəri xərçənginə erkən diaqnoz qoyula bilər. Əgər şübhəli bir hal mövcuddursa, dərhal həkimə müraciət olunmalıdır”, - deyə Y.Özcan əlavə edib.