Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsi ilə bağlı məlumat yayıb.
ANAMA-nın Mətbuat Xidmətindən verilən məlumata görə, fevralın 5-də Tərtər rayonunun Həsənqaya kəndində Göyarx otlaq sahəsi adlanan ərazidə mina hadisəsi baş verib.
Keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən baş verən piyada əleyhinə mina partlayışı zamanı Tərtər rayonunun Umudlu kənd sakini 1966-cı il təvvəllüdlü Məmmədov Azər Əhməd oğlu sol ayağından xəsarət alıb.
Zərərçəkən şəxs Bərdə rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
"ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır", məlumatda deyilir.