Xəzər Xəbər

Soyuq hava ürək xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər

Cəmiyyət | 13:26 • 2 Fevral 2024
Soyuq hava ürək xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər

“Cavan və sağlam insanlarda təbiətin qeyri-sabitliyinə uyğunlaşma yüngül, ciddi əlamətlər törətmədən keçir. Yaşlılarda və xüsusilə ürək-damar, ağciyər, sinir sistemi xəstəlikləri olanlarda təsirsiz ötüşmür. Belə ki, orqanizmin uyğunlaşma prosesi çətinləşir, diskomfort və insanların səhhətində müəyyən problemlər yarana bilər”.

Xezerxeber.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, bunu C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu Rafiq Yusifli deyib. Onun sözlərinə görə, ətraf mühitdə baş verən hadisələrə ən həssas qrup mərkəzi sinir və ürək damar sistemi xəstələridir.

“Müşahidələr göstərir ki, xüsusilə qış mövsümündə adi hal olan sürətli soyuq şimal və cənub küləkləri olduğu günlər arterial hipertoniya, ürəyin işemik xəstəliklərinin kəskinləşməsi, hipertonik krizlər, miokard infarktı, aritmiyalara təsir edir. Bundan əlavə, havanın nisbi rütubətinin artdığı günlərdə boğulma, ürək astması, ağciyər ödəmi hallarının başvermə ehtimalı olur. Sözügedən hava şəraiti ilə əlaqəli mərkəzi sinir sisteminə aid ən çox başağrısı, miqren tutmaları, halsızlıq, əzginlik, tezyorulma, başgicəllənmə, əzələ, oynaq ağrıları və digərləri müşahidə olunur. Məhz bu səbəbdən sinoptiklər haqlı olaraq meteohəssas, xüsusən də ürək-damar xəstəlikləri olan insanları əvvəlcədən xəbərdar edirlər”,- deyə kardioloq bildirib.

R.Yusifli soyuq havada bu kimi halların baş verməsinin səbəbləri haqda danışıb: “Soyuq hava ilə nəfəs almaq orqanizmin soyuq hava təsirinə məruz qalan nahiyələrində, üzdə, sinədə, eləcə də hava şəraitinə uyğun geyinməmək nəticəsində bədən damarlarında sıxılma-spazmı yaradır. Yüksək qan təzyiqi olanlarda arterialarda tonus yüksək və sıxılmış olur. Soyuq havada bunlar bir az da artır və qan təzyiqi daha da yüksəlir. Bilmək lazımdır ki, soyuq havalarda qan dövranı yavaşlayır və qanın laxtalanması sürətlənir”.

Kardioloq küçədə ürək tutması baş verən şəxsə ilkin tibbi yardımın vacib olduğunu qeyd edib: “Əgər ürəktutma sizin özünüzdə baş verib və stenokardiya olduğunu bilirsinizsə, dərhal təcili yardıma müraciət etmək lazımdır. Çox vaxt zəruri tibbi yardım aldıqdan sonra tutmalar keçir və ya əhəmiyyətli dərəcədə azalır. Bu halda xəstəni uzatmaq və ayaq hissəsini bir qədər yuxarı qaldırmaq önəmlidir. İlk yardım kimi ürək nahiyəsinə masaj və ağızdan-ağıza süni tənəffüs vermək lazımdır. Ürəyin qapalı masajı hər 2 saniyədən bir üst-üstə qoyulmuş əllə döş qəfəsinin ürək nahiyəsini sıxmaqla aparılır. Ehtiyatla edilən bu masajda döş qəfəsinin divarının 2-3 santimetr basılmasına çalışmaq, qabırğa qırılmasından qorunmaq lazımdır. Bununla paralel olaraq, süni tənəffüs verməyi də davam etdirmək tövsiyə olunur”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti