Xəzər Xəbər

Bəşəriyyətin qorxduğu xəstəlik – cüzamın çarəsi hələ də tapılmayıb

Cəmiyyət | 16:00 • 29 Yanvar 2024
Bəşəriyyətin qorxduğu xəstəlik – cüzamın çarəsi hələ də tapılmayıb

Bəşəriyyətin əsrlərdir ən ağır bəlalardan biri kimi qəbul etdiyi cüzam xəstəliyi barədə məlumata hələ eramızdan əvvələ aid yazılı abidələrdə rast gəlinir. Bəs ölkəmizdə adıçəkilən xəstəliklə bağlı vəziyyət necədir? Xəstələr hansı şəraitdə müalicə olunur?

Xezerxeber.az Azərbaycan Tibb Universitetinə istinadla bildirir ki, universitetin Epidemiologiya və biostatistika kafedrasının müdiri, tibb elmləri doktoru, professor İbadulla Ağayev Respublika Cüzam Xəstəxanasında xəstələrlə çay içdiyini və yoluxmadığını deyib.

Professorun sözlərinə görə, bu gün cüzam xəstəliyinə dünyanın bir sıra ölkələrində rast gəlinir: “Cüzamın yoluxucu xəstəliklərə məxsus xüsusiyyətlərə malik olması barədə alimlər arasında müxtəlif fikirlər səslənib. Bəziləri cüzamın insandan insana keçməsini mümkün, digərləri isə qeyri-mümkün hesab edir. Ancaq bu xəstəliyin etiologiyası bu günədək tibb elminə bəlli olmadığı üçün yoluxucu hesab edilmir. Cüzamın törədicisini ilk dəfə 1873-cü ildə norveçli həkim Herhard Hanzen tapıb. Diqqətinizə çatdırım ki, xəstəlik nəticəsində ən çox dəri, yuxarı tənəffüs yolları və periferik sinirlər zədələnir. Həmin toxumalarda xarakterik iltihab ocaqları əmələ gəlir. Cüzama bəzən “leproz”, “prokaza” və ya “Hanzen xəstəliyi” də deyilir”.

Hər il Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə müxtəlif simpoziumların keçirildiyini bildirən kafedra müdiri, həmin tədbirlərdə xəstəliklə bağlı müxtəlif baxışlar ortaya qoyulduğunu qeyd edib: “Bəzi alimlərin bildirdiyinə görə, xəstəliyə uşaq yaşlarında, adətən oğlan uşaqlarında rast gəlmək olur. Amma son illər aparılan müşahidələr zamanı bəlli oldu ki, xəstəlik qız uşaqlarında da aşkar edilir. Ölkəmizdə, o cümlədən dünyanın bir sıra ölkələrində səhiyyə sistemi cüzamla ciddi mübarizə aparır. Xəstəlik dövlət tərəfindən xüsusi nəzarətdə olduğu üçün hələ sovetlər dönəmində Umbakı qəsəbəsi ərazisində Respublika Cüzam Xəstəxanası tikilib”.

Professorun sözlərinə görə, ilk dəfə xəstəxanada 1976-cı ildə olub: “O vaxtdan 48 il keçib. Hələ ki özümü normal hiss edirəm. Əgər bəzi alimlərin dediyi kimi, cüzam yoluxucu olsaydı, mən və ora apardığım tələbələr çoxdan yoluxardıq. Belə bir fakt indiyədək qeydə alınmayıb”.

İ.Ağayev hazırda respublika üzrə 37 nəfərin qeydiyyatda olduğunu bildirib. Onlardan 13 nəfər Respublika Cüzam Xəstəxanasında, qalanları isə ambulator qaydada müalicə olunur: “Həmin şəxslərin bəziləri yüngül işlərlə təmin olunub, işləyirlər. Bəzən onlarla küçədə rastlaşır, hal-əhval tuturam. Bəzilərinin harada işlədiklərini bildiyim üçün arada onlara baş çəkir, tənha buraxmıram. Onların adi xoş sözə, isti münasibətə ehtiyacları var. Görüşəndə çalışıram ki, həyatda özlərini kimsəsiz, tənha hiss etməsinlər”.

Xəbər lenti

Çox oxunanlar