Xəzər Xəbər

Əlilliyə görə müavinət hansı halda təyin olunur? 

Bəzi şəxslər əlilliyə görə müavinət ala bilməz
Cəmiyyət | 09:25 • 25 Yanvar 2024
Əlilliyə görə müavinət hansı halda təyin olunur? 

Əlilliyin müəyyən edilməsi sistemində yeni meyarların tətbiqindən sonra hələ də bir çox insanlar əlilliyə görə müavinətin hansı halda təyin olunduğu barədə ətraflı məlumata malik deyil. Görünür, bu barədə daha çox maarifləndirməyə ehtiyac var.  

Xezerxeber.az bildirir ki, mövcud qanunvericiliyə görə, şəxsin əmək pensiyası hüququ yoxdursa, bu zaman əlilliyə görə müavinət təyin olunur.

Başqa sözlə, əmək pensiyası alan şəxs əlilliyə görə müavinət ala bilməz.  
Müavinətin məbləğinə gəldikdə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 270 manat, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 220 manat, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 150 manat müavinət verilir. Başqa sözlə, orqanizmin funksiyalarını 30 faiz itirmiş şəxsə əlillik təyin edilmir. Şəxsin 15 il əlillik müddəti olduqda, növbəti dəfə əlillik müddətsiz müəyyən edilir.

Sosial müavinətin təyin olunması üçün şəxs yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" şəxsiyyət vəsiqəsilə müraciət edə bilər. 
Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan yuxarı səlahiyyətli orqana, yaxud vəzifəli şəxsə və məhkəməyə şikayət etmək hüququ var. 
Sosial müavinət onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni əgər şəxsin sosial müavinət almaq hüququ bir neçə ilə əvvəl yaranıbsa və gec müraciət edibsə, bu halda əvvəlki illərin də müavinəti ödənilir. Əvvəlki il maksimum 3 il müəyyənləşdirilib.

Xəbər lenti