Xəzər Xəbər

Ötən il audiovizual yayımçıların efirində 297 pozuntu faktı qeydə alınıb

Cəmiyyət | 14:11 • 19 Yanvar 2024
Ötən il audiovizual yayımçıların efirində 297 pozuntu faktı qeydə alınıb

Audiovizual Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsində il ərzində ölkə ərazisində fəaliyyət göstərən audiovizual yayımçıların müntəzəm monitorinqi aparılıb, mütəmadi olaraq arayışlar və müəyyən dövrlər üzrə ümumiləşdirilmiş hesabatlar və təhlillər hazırlanıb. Ümumölkə yerüstü televiziya və radio kanallarının (açıq yayım) proqramları daimi əsasda, regional yerüstü yayımçıların, habelə platforma yayımçılarının proqramlarının monitorinqləri şikayət əsasında və vaxtaşırı olaraq həyata keçirilib. Aparılmış monitorinqlər nəticəsində audiovizual yayımçıların həm televiziya, həm də radio redaksiyalarının efirində ümumilikdə 297 pozuntu faktı qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın 2023-cü ilə dair illik hesabatında qeyd edilib.

Hesabatda bildirilib ki, həmin pozuntuların böyük əksəriyyəti (287 fakt) texniki səbəbdən olduğundan yayımçılara zəruri bildirişlər verilib və pozuntuların aradan qaldırılması təmin olunub. Bir sıra pozuntulara görə yayımçılara il ərzində 6 dəfə xəbərdarlıq edilib və bu, mediada dərc olunub. Pozuntularla əlaqədar il ərzində 4 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunub. Audiovizual Şura tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər və zəruri maarifləndirmə fəaliyyəti nəticəsində əvvəlki illərlə müqayisədə ötən il qanunvericiliyin tələblərinə yayımçılar tərəfindən riayət olunması istiqamətində müsbət dinamika müşahidə edilib.

Audiovizual Şuranın il ərzində əsas monitorinq istiqamətlərindən biri də əcnəbi serialların yayımlanmasına nəzarət olub. Bu sahədə yayımçılar tərəfindən pozuntu faktları aşkarlanmayıb. Seriallar tam lisenziyalı olaraq və dublyaj edilmiş vəziyyətdə yayımlanır.

Xəbər lenti