Xəzər Xəbər

11 yaşlı uşağın itkin düşməsi ilə bağlı cinayət işi açıldı ARAŞDIRMA GEDİR

Cəmiyyət | 12:38 • 18 Yanvar 2024
11 yaşlı uşağın itkin düşməsi ilə bağlı cinayət işi açıldı

İmişlidə ötən ilin dekabr ayında 11 yaşlı uşağın itkin düşməsi ilə bağlı cinayət işi açılıb, araşdırma gedir.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib.

Onun sözlərinə görə, ötən ilin dekabr ayının 26-da İmişli rayonunun Qaragüvəndikli kənd sakini, 2013-cü il təvəllüdlü Rasim Xankişiyevin yaşadığı kəndin ərazisindən keçən “Boztəpə” su kanalına düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər icra olunub.

Həmçinin azyaşlının ola biləcəyi ehtimal olunan su kanallarında Azərbaycan Respublikası Fövləqadə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən axtarış tədbirləri aparılıb, lakin nəticə əldə etmək mümkün olmayıb.

Faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Azyaşlının tapılması istiqamətində hüquq mühafizə orqanları tərəfindən zəruri bütün tədbirlər icra olunur.

Qeyd edək ki, azyaşlının yük avtomobili tərəfindən vurulduğu, daha sonra iz itirmək məqsədi ilə kanala atılması barədə məlumatlar yayılıb.

Xəbər lenti

Çox oxunanlar