Bakının Binəqədi rayonunda sexdə dünən baş verən partlayış-yanğınla bağlı ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda partlayış-yanğın baş verən ərazidə axtarış işləri gedir. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji qrupunun xüsusi təlim görmüş itləri ilə ərazidə axtarış aparılır.
Qeyd edək ki, ötən gün Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə partlayış-yanğın baş verib.
Hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3 nəfər sağ çıxarılıb, 24 nəfər xəsarət alıb, 7 nəfərin meyiti dağıntılar altından tapılaraq aidiyyəti üzrə təhvil verilib.
16 nəfərin müalicəsi isə davam etdirilir.
TƏBİB bildirib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 12 nəfərdən 3-nün vəziyyəti ağır stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qalır.
"Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 4 nəfərin müalicəsi davam etdirilir. Onlardan 1-nin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir", - məlumatda deyilir.