Qəbələ rayonunun Dızaxlı kəndi ərazisində tanışını yumruq zərbəsi ilə qətlə yetirən 1981-ci il təvəllüdlü Nurlan Rəhimovun cəzası ağırlaşdırılıb.
Xezerxeber.az xəbər verir ki, 2019-cu ildə baş verən cinayət hadisəsi zamanı həmyerlisi, 1978-ci il təvəllüdlü Teymur Səfərçinovun ölümünə səbəb olmuş şəxs barəsində prokurorun protestinə baxılıb.
Şəki Apellyasiya Məhkəməsi N.Rəhimov barəsində Cinayət Məcəlləsinin 124.1-ci, yəni ehtiyatsızlıqdan adam öldürmə maddəsi üzrə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını ləğv edib. Məhkəmə həmin hökmlə təyin edilmiş cəzanı çəkərək azadlığa çıxmış şəxsi bu dəfə Cinayət Məcəlləsinin 126.3-cü, yəni qəsdən sağlamlığa ağır zərər vurma ölümə səbəb olduqda maddəsi ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə Nurlan Rəhimova 9 il 6 ay müddətinə həbs cəzası verilib. Onun daha əvvəlki hökmlə əlaqədar çəkdiyi 2 il 3 ay 15 gün azadlıqdan məhrumedilmə müddəti cəzadan çıxarılıb və üzərində qəti olaraq 7 il 2 ay 15 gün müddətə azadıqdan məhrumetmə cəzası saxlanılıb.
Qeyd edək ki, prokurorluq daha əvvəl Nurlan Rəhimov barəsindəki hökmdən protest versə də, Şəki Apelyasiya Məhkəməsi protesti təmin etməmişdi. Prokurorluq kassasiya şikayəti verdikdən sonra Ali Məhkəmə işi yenidən apelyasiya instansiyasına qaytarmışdı. Bundan sonra hadisənin Cinayət Məcəlləsinin 126.3-cü maddəsi üzrə araşdırılmasına qərar verilib və 2023-cü ilin 26 noyabr tarixində Nurlan Rəhimov həbs edilib.