Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı rayon sakini Azad Abasov saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərinə keçirilən baxış zamanı 400 qramdan artıq olan narkotik vasitə - marixuana, eləcə də psixotrop maddə olan metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat tədbiri zamanı isə rayon sakini Rahim Kərimov da saxlanılıb. Onun üzərindən isə polietilen torbada qablaşdırılmış təmiz çəkisi 430 qram olan marixuana aşkarlanıb.
Faktlarla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.