Hava şəraiti ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciətlərdə artım müşahidə edilməyib.
Bu barədə SXA-dan bildirilib.
Qeyd edilib ki, nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir.
"Müəssisə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin və s. sosial reabilitasiyasını həyata keçirir.
Müəssisəyə qəbul olunanlar burada sosial-məişət, sosial-hüquqi xidmətlər göstərilir. 2023-cü ildə Agentlik tərəfindən bu kateqoriyadan olan 89 şəxs müvafiq xidmətlərə cəlb edilib.
Hava şəraiti ilə əlaqədar müraciətlərdə artım müşahidə edilməyib. Hazırda Müəssisənin Müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin sosial reabilitasiya şöbəsində 51 nəfərə xidmət göstərilir.
Müəssisəyə qəbul olunanlar 6 ay (180 gün) ərzində müvafiq xidmətlərlə təmin olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər.
Sığınacağa qəbul edilənlərin hər birinin vəziyyəti nəzarətdə saxlanılır, onlarla fərdi iş aparılır, daha sonra isə həmin şəxslər cəmiyyətə reinteqrasiya edilirlər", - qurumdan bildirilib. (trend)