Ədliyyə Nazirliyi Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların sosial reabilitasiyasının təkmilləşdirilməsi, onların əməyə, müxtəlif peşə kurslarına və təhsil proqramlarına cəlb olunması məqsədilə işlər davam etdirilir.
Penitensiar xidmətdən Xezerxeber.az-a verilən xəbərə görə, birgə uğurlu layihələrin genişləndirilməsi və perspektivlərin müzakirə olunması məqsədilə Penitensiar xidmətin Baş idarəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin əməkdaşları ilə görüş keçirilib.
Xidmət rəisinin müavini ədliyyə general-mayoru Oqtay Məmmədov qonaqlara məhkumların islah prosesində əməyə cəlb olunmasında, onlara peşə bacarıqlarının öyrədilməsində nailiyyətlərdən və bu sahədə Penitensiar xidmətin digər dövlət qurumları və özəl sektor nümayəndələri ilə qarşılıqlı fəaliyyət imkanlarından danışıb.
Dövlət Məşğulluq Agentliyi sədrinin müavini Cəmaləddin Quliyev azadlıqdan məhrum edilmiş şəxslərin peşə hazırlığı, onlar üçün yeni istehsal sahələrinin yaradılması ilə bağlı Dövlət Məşğulluq Agentliyi tərəfindən verilə biləcək dəstək imkanlarından və layihələrdən söz açıb, təkliflərini bildirib.
Görüş zamanı, həmçinin, Penitensiar xidmətdə mövcud istehsal sahələrinin müasirləşdirilməsi, yeni istehsal sahələrinin yaradılması, hal-hazırda məhkumlara verilən peşə təhsili istiqamətlərinin təkmilləşdirilməsi və eyni zamanda yeni peşə sahələrinin yaradılması, sahibkarların bu məqsədlə prosesə cəlb edilməsi və stimullaşdırılması üçün görülməli olan işlər və bu istiqamətdə qanunvericilik bazasının uyğunlaşdırılması məsələləri müzakirə olunub.