Respublika Baş Dövlət Yol Polisi (DYP) İdarəsi nəqliyyat vasitələrinin qaçırılması halları ilə bağlı əhaliyə müraciət ünvanlayıb.
İdarədən Xezerxeber.az-a verilən müraciətdə deyilir ki, nəqliyyat vasitələrinin qaçırılması ilə bağlı cinayətlərin qarşısının alınması və açılması istiqamətində DİN, o cümlədən DYP xidməti tərəfindən ötən il ərzində də bir sıra zəruri tədbirlər həyata keçirilib, bu sahədə qarşıya qoyulmuş vəzifələrin icrası diqqət mərkəzində saxlanılıb:
“Lakin qeyd olunmalıdır ki, bu qəbildən olan hüquqpozmaların baş verməsinə münbit şərait yaradan amillər hələ də mövcuddur. Belə ki, sözügedən cinayət əməlinin obyekti əsasən sutkanın qaranlıq vaxtı yaşayış zonalarından kənarda, eləcə də işıqlandırılmayan yol sahələrində saxlanılan, həyəcan siqnalları ilə təchiz edilməyən, kilid sistemi zəif olan, habelə asan hərəkətə gətirilən nəqliyyat vasitələri olur. Nəqliyyat vasitələri sahiblərinin avtomobillərini müxtəlif şəraitdə, əsasən avtotəmir, yaxud avtoyuma məntəqələrində tanımadıqları şəxslərə etibar etməsi də hüquqazidd əməllərin törədilməsinə şərait yaradır”.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə müraciət edərək onları bu növ cinayətlərin qarşısının alınması, eləcə də əmlakın hüquqazidd əməllərdən qorunması üçün qeyd olunan xüsusatlara diqqət yetirməyə, qabaqlayıcı tədbirlərin görülməsində polisə dəstək olmağa çağırır.