2023-cü ildə 162 azərbaycanlı həkim Almaniyada qeydiyyatdan keçərək peşə fəaliyyətinə başlayıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Alman Tibb Assosiasiyasından bildirilib.
Məlumatda qeyd olunur ki, hazırda Almaniyada həkim fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının sayı 1521 nəfərə yaxındır. Həkim kimi çalışmaq istəyən 200-ə yaxın azərbaycanlı isə müxtəlif klinika və hospitallarda təcrübəyə cəlb olunub.
Alman Tibb Assosiasiyasından bildirilib ki, hazırda federativ respublikada xaricdən gələn 70 minə yaxın həkim çalışır. Almaniyada həkim fəaliyyəti ilə məşğul olanların 15 faizdən çoxu xarici ölkələrin vətəndaşlarıdır.
“Bütövlükdə, Almaniyada əcnəbi həkimlərin sayının illərdir artdığını müşahidə etmək olar. Son 25 ildə bu, beş dəfədən çox artıb. Bu, səhiyyə sistemi üçün yaxşı inkişafdır. Xaricdən olan həmkarlar olmasaydı, klinikalar vakant yerləri doldurmaqda daha çox çətinlik çəkərdilər”, - deyə Alman Tibb Assosiasiyasının məlumatında qeyd olunur.
Məlumat üçün qeyd edək ki, Almaniyada əcnəbi həkimlərin vətəndaşlıq mənsubiyyətinə görə sıralamasında ilk yeri Suriyadan gələnlər tutur. Sonrakı yerləri isə Rumıniya, Yunanıstan, Avstriya və Rusiya Federasiyasından olan həkimlər tutur.